İran parlamenti Məhsa Əmininin qətlindən sonra başlayan etirazlarda saxlanılanlara edam cəzası verilməsi qərarını təsdiqləyib.
Teleqraf.com "Timetürk"ə istinadla xəbər verir ki, İran parlamenti böyük səs çoxluğu ilə etirazçılara ölüm hökmünün çıxarılmasına tərəfdar olub.
İranlı deputatlar son günlər həbs olunan etirazçılara böyük cəzalar verilməsini tələb ediblər. CNN-ə görə, İran parlamentinin 227 deputatının imzaladığı məktubda etirazçılara “ən qısa zamanda yaxşı dərs verilməklə” sərt cəza tələb olunur.
İran hökumətinin sözçüsü Məsud Setayeşi iddia edir ki, artıq ictimaiyyət məhkəmə və təhlükəsizlik qurumlarından etirazçılarla qəti, çəkindirici və qanuni şəkildə davranmağı xahiş edir.
“Newsweek”in məlumatına görə, İran parlamenti 290 deputatdan 227-nin səsi ilə həbs edilən bütün etirazçılar üçün ölüm cəzasını təsdiqləyib.
İran parlamentinin qəbul etdiyi qərardan sonra edamların nə vaxt həyata keçiriləcəyi bəlli olmasa da, “Karnegi” Fondunun üzvü Kərim Sədcadpur həbs olunan etirazçıların sayının 15 minə yaxınlaşdığını bildirib.
“Son 8 həftə ərzində İran rejimi 300-dən çox etirazçını öldürüb, 15 minə yaxını həbs edib və yüzlərlə insanı edam etməklə hədələyir, amma iranlı qadınlar inadkardır. Bu gün universitet tələbələri hicablarını çıxarıblar”, - Sədcadpur bildirib.
Qeyd edək ki, kütləvi edamlarla bağlı dünən yayılan xəbər dünyada ciddi etirazlara səbəb olub.