ABŞ prezidenti Co Bayden 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Co Bayden aralıq seçkilərilə bağlı Ağ Evdə keçirdiyi mətbuat konfransında 2024-cü il prezident seçkilərinə qatılmaq niyyətində olduğunu bəyan edib.
Son seçkiləri “Amerika demokratiyası üçün yaxşı gün” kimi xarakterizə edən Bayden çoxlarının gözlədiyinin əksinə, “qırmızı dalğa”nın gəlmədiyini və respublikaçıların gözləntilərinin geridə qaldığını bildirib.
Respublikaçıların Nümayəndələr Palatasında üstünlük qazanmalarını qəbul edən Bayden bu gün Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti ilə telefon danışığı aparacağını qeyd edib.
2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı suala Bayden: “Mənim niyyətim var” deyə cavab verib, gələn ilin əvvəlinə qədər yekun qərarını açıqlayacağını bildirib.
Gələn həftə Balidə keçiriləcək G20 Zirvə toplantısına qatılacağını deyən Bayden bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin orada olmayacağını eşidib, ancaq Çin lideri Şi Cinpinlə görüşə bilər.