“Bu, İstanbulda törədilən terror aktında cavab olaraq keçirilən əməliyyatdır”.
Teleqraf.com xəbər verir ki, Türkiyə ordusunun İraq və Suriyanın şimalında başladığı əməliyyatlara münasibət bildirən jurnalist Güngör Yavuzaslan belə deyib.
Jurnalist Suriya Milli Ordusunun da antiterror əməliyyatına dəstək verdiyini bildirib:
“Fərat Qalxanı” bölgəsində Suriya Milli Ordusunun lokal da olsa, təmas xəttlərinə müdaxilə etdiyi barədə məlumat gəlir. Terror təşkilatının düşərgə kimi istifadə etdiyi nöqtələr hədəfə alınır. Terror təşkilatının mənbələri də bunu təsdiqləyir. Meydanda böyük bir yanğın var. Bu yanğın təkcə terror düşərgələrini yox etmir, həm də onların tərəfdarlarına təsir edir. Aldığımız ilk məlumata görə, təşkilatda yüksək səviyyədə itki var.
F-16-larımızın vurduğu nöqtələrin yaxınlığında ABŞ hərbçilərinin olduğunu bilirik. Deyirdilər ki, Türkiyə əməliyyat keçirə bilməz. Artıq gecələr yata bilmirlər. Proqnozum budur ki, “İstiqlal” prospektində qanlı akt törədən terrorçular vurulur. Bu ərazilərdə yaşayan insanların evlərini ələ keçirərək sığınacaqlara çevirmişdilər. Həmin hədəflər artıq məhv edilib. Bu əməliyyatlar davam edəcək.
ABŞ qurduğu koalisiya ilə İŞİD-lə mübarizə aparmaq əvəzinə, bu terror təşkilatlarına dəstək verməyi seçdi. Bu gecə baş tutan əməliyyat 650 kilometrə qədər sahəni əhatə etdi. Bu əməliyyatın nəticələrini ən yaxşı ABŞ və PKK bilir”.
Yeditepe Universitetinin professoru Məsud Haqqı Caşın dünyada çox az ölkənin belə bir əməliyyat keçirə biləcəyini söyləyib:
“Trampın söz verdiyi kimi, ABŞ qoşunlarının geri çəkilmədiyini görürük. Suriyanın şimalındakı terror yuvaları boşaldılmadı. İran sərhədindən Aralıq dənizinə qədər bölgə işğal olunub. Bu, dünyada ancaq dörd-beş ölkənin keçirə biləcəyi əməliyyatdır. Eyni zamanda hava əməliyyatı aparılır. 160 km içəri daxil olublar.
İstanbula edilən hücum beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi. Məncə bomba öz əllərində partladı. Yunanıstana səslənirəm; gör türklər necə gəlir. Türkiyə bu cür əməliyyatları hər gün, dayanmadan həyata keçirə bilər. Siyasi iradə və ordu birlikdə gedir”.
Hərbi ekspert İsmayıl Haqqı Pekin Ayn əl-Ərəbi “YPG-nin doğulduğu yer” adlandırıb və qeyd edib ki, bu ərazilər YPG ilə yanaşı, PKK terror təşkilatının da mərkəzi rolunu oynayır.
Pekin PKK/YPG-nin bu və digər yerlərdəki mövqelərinin PUA-lar, F-16 təyyarələri və helikopterlərlə hədəfə alınaraq vurulduğunu bildirib.
“PKK bölgədə çətin vəziyyətə düşə bilər. Sabah nə baş verdiyini və bunun nəticələrini dəqiq biləcəyik. Amma onlar belə böyük əməliyyat gözləmirdilər. ABŞ öz ünsürlərini bölgədən çıxarıb. Ona görə də uğurlu əməliyyat olduğunu düşünürəm. “Bir gecə qəfil gələ bilərik” demişdik. Bu, Yunanıstana dərs olsun. Bu söz onun üçün də deyilib. Əslində, bu əməliyyat hamısının - ABŞ, Yunanıstan və Suriyanın qulaqlarına sırğa olmalıdır”, - ekspert vurğulayıb.
Pekin suriyalı müxaliflərin davam edəcək əməliyyata dəstək verəcəklərini deyib:
“ABŞ bölgədə kürd dövləti yaratmağa çalışır. Əvvəlcə Suriyanın şimalına girməyə, daha sonra yavaş-yavaş sərhədlərimizə cəhd göstərir.
Yunanıstan da adaları necə silahlandıracağını hesablayır. Əgər zəif olsaq, bu hesab baş tuta bilər. Ona görə də güclü olmalıyıq. Yunanıstan heç vaxt bu məqsədindən əl çəkmir. Biz birlik olsaq, uğur qazana bilməzlər.
Bu əməliyyat təsirini itirmədən bölgədə quru əməliyyatı həyata keçirilə bilər. Məncə, bu da mümkündür”.