30 Noyabr 2022 17:32
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Belarusda hökumət əleyhinə keçirilmiş etiraz aksiyalarının liderlərindən biri Mariya Kolesnikova Qomel xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, Kolesnikovanın cərrahi patologiyaya görə xəstəxanaya köçürüldüyü və əməliyyat olunacağı bildirilib.

“İndi onun vəziyyəti ağırdır. Sabah cərrahiyə şöbəsinə köçürüləcək”, - məlumatda deyilir.

2021-ci ilin sentyabrında Minsk məhkəməsi Kolesnikovanı 11 il müddətinə azadlıqdan məhrum edib. O, “hakimiyyəti qəsb etmək üçün sui-qəsd”də, “hakimiyyəti qəsb etməyə ictimai çağırışlar”da və “ekstremist təşkilat yaratmaq”da ittiham olunub.

Kolesnikova ittihamları “cəfəngiyyat” adlandırıb. Azadlığa buraxılması müqabilində istintaqla əməkdaşlıqdan imtina edib. Onun sözlərinə görə, NEXTA Teleqram kanalının keçmiş rəhbəri Roman Protaseviç kimi onda da dövlət telekanalında işləmək təklif olunub.

Kolesnikova Belarus prezidentliyinə namizəd Viktor Babarikonun seçki qərargahında yer alıb. Babarikonun həbsindən sonra Svetlana Tixanovskayanın seçki kampaniyasında fəal iştirak edib, müxalifətin Koordinasiya Şurasına daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu