8 Dekabr 2022 21:44
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun sürən danışıqlardan sonra amerikalı basketbolçu Britni Qriner həbsdən azad edilib. O, iş adamı Viktor But ilə dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, mübadilə bu gün Əbu-Dabi hava limanında baş tutub.

Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikovun sözlərinə görə, Viktor But və Britni Qriner mübadilədən əvvəl əfv ediliblər.

Bayden “Twitter” hesabında yazıb ki, o, artıq xanım Qrinerlə telefonla danışıb.

Ağ Ev sözçüsü CNN-ə bildirib ki, mübadilə Rusiyada casusluqda ittiham olunan Pol Uilana şamil edilməyib.

Qeyd edək ki, Viktor But “Air Cess” Liberia aviaşirkətinin sahibi olan rusiyalı sahibkardır. 1990-cı illərin sonunda ABŞ Viktor Butun fəaliyyətini araşdırmağa başlayıb. O, BMT Təhlükəsizlik Şurasının, Beynəlxalq Amnistiya Təşkilatının və ABŞ Dövlət Departamentinin hesabatlarında BMT sanksiyalarından yayınaraq Afrikaya ən böyük silah tədarükçülərindən biri kimi dəfələrlə qeyd edilib. 2012-ci ildə o, qeyri-qanuni silah alveri və terroru dəstəkləmək ittihamı ilə ABŞ-da həbs olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib.

Britni Qriner isə 2015-2022-ci illərdə Rusiyanın Yekaterinburq basketbol klubunda çıxış edib. 2016 və 2020-ci illərdə Amerika komandasının tərkibində Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən dünya çempionatının qalibi olub. Basketbolçu 2022-ci ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb. O, xaş-xaş yağı ilə elektron siqaretlərin daşınması səbəbindən narkotik qaçaqmalçılığında ittiham edilib. İdmançıya 9 il həbs və 1 milyon rubl cərimə kəsilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər