ABŞ BMT baş katibi Antonio Quterreşi Rusiyanın təhdidlərinə boyun əyməkdə və bu ölkənin İran tərəfindən təchiz edilmiş pilotsuz təyyarələrdən istifadəsini araşdırmamaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.
“BMT-nin pozuntularla əlaqədar hazırlanmış hesabatla bağlı lazımi araşdırmaya başlamamasından məyusuq. Katibliyin Rusiyanın təhdidlərinə boyun əyərək, Təhlükəsizlik Şurasının araşdırma aparmaq üçün verdiyi mandatı yerinə yetirməməsi bizi məyus edir”, - amerikalı diplomat bildirib.
Bundan əvvəl Quterreş demişdi ki, BMT rəsmiləri mövcud məlumatları araşdırır və əldə ediləcək hər hansı informasiya vaxtında BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırılacaq.
ABŞ və Ukrayna ilə yanaşı, İngiltərə, Fransa və Almaniya da BMT baş katibindən yoxlama aparmaq üçün Kiyevə missiya göndərməsini tələb edir.