Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə uğursuzluğa görə şəxsi məsuliyyətindən yayınmaq məqsədilə generallarla görüş keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilir.
Məlumata görə, Putin “xüsusi hərbi əməliyyat”ın həyata keçirildiyi qərargahda olub.
Burada yüksək rütbəli hərbçilərlə, o cümlədən Baş qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
“O, “xüsusi hərbi əməliyyat”da növbəti addımlarla bağlı təkliflər istəyib. Ona hesabat verənlərdən biri də Rusiyanın Ukraynadakı qüvvələrinin komandiri general Sergey Surovikin olub. Böyük ehtimalla Putinin bu görüşdə məqsədi “xüsusi hərbi əməliyyat” üçün kollektiv məsuliyyət nümayiş etdirmək niyyəti ilə bağlıdır”, - məlumatda deyilir.
Britaniya kəşfiyyatına görə, Putin bununla hərbi uğursuzluq, yüksək ölüm nisbəti və səfərbərliklə bağlı Rusiyada artan ictimai narazılığın yaratdığı məsuliyyətdən yayınmağa və ya onu bölüşməyə çalışır.
Məlumatda əlavə edilir ki, bu həm də Gerasimovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan söz-söhbətə son qoymaq məqsədi daşıyıb.