Serbiya Prezidenti Aleksandr Vuçiçin orduya və polisə bu gecədən etibarən “hazır ol” əmri verdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri Miloş Vuçeviç prezidentin serb ordusuna döyüş hazırlığının ən yüksək səviyyədə olmasını tapşırdığını və bunun lazım gələrsə, silahlı qarşıdurma anlamına gələ biləcəyini deyib.
“Narahatlıq üçün əsas var. Bəllidir ki, problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına yalnız Serbiya inanır. Qarşı tərəf (Kosovo) daim özbaşına hərəkət edir”, - nazir vurğulayıb.
Serb əsilli keçmiş polis Deyan Pantiçin saxlanmasına cavab olaraq dekabrın 10-dan etibarən Kosovonun şimalında etnik serblərin qurduqları barrikadalar hələ götürülməsə də, son hadisələr Kosovo ilə Serbiya arasında gərginliyi yenidən artırıb.
Serbiyanın baş qərargah rəisini sərhəd bölgəsinə göndərməsindən sonra dünən gecə Kosovonun şimalında baş verən silahlı hücum nəticəsində iki ölkə üz-üzə gəlib.
Pantiçin saxlanmasına reaksiya verən Kosovo serbləri dekabrın 10-dan etibarən Bernyak sərhəd keçidlərində qurduqları barrikadalarda 17 gündür keşik çəkirlər.
Avropa Birliyi, NATO və ABŞ Kosovonun şimalında gərginliyin azaldılmasına və barrikadaların götürülməsinə çağırıb.