28 Dekabr 2022 12:37
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovo ilə Serbiya arasında noyabr ayından bəri artan gərginlik qaynar münaqişə ilə bağlı narahatlıqları artırır. Serbiyada orduya müharibəyə hazır olmaq əmri verilib, hər an gərginlik yarana bilər.

Teleqraf.com-un məlumatına görə, Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, Kosovonun şimalındakı gərginlik fonunda ordu ən yüksək hazırlıq vəziyyətinə keçib.

Proses Baş Qərargah rəisi, general Milan Mojsiloviçin ötən bazar günü Kosovo ilə sərhədə getməsindən sonra daha da gərgin fon alıb.

Nazir Vuçeviç bildirib ki, prezident Aleksandar Vuçiç həyəcan siqnalını özü verib, bu, “münaqişəyə hazır olmaq, yəni silahdan istifadə etməyə hazır olmaq” mənasını verir. Vuçeviç həmçinin qeyd edib ki, 1500 nəfərlik xüsusi təyinatlı dəstə 5000 nəfərə qədər artırılacaq.

Serbiya Daxili İşlər Nazirliyi bildirib ki, onun nəzarətində olan bütün təhlükəsizlik bölmələri dərhal Baş Qərargah rəisinin tabeliyinə keçəcək.

Serbiya ordusu əvvəllər Kosovo ilə gərginliyə görə döyüş hazırlığı vəziyyətində idi. Oxşar sayıqlıq vəziyyəti ötən ilin noyabrında bir neçə pilotsuz təyyarənin hava məkanını pozduğu iddia edilən zaman yaşanmışdı. Serbiyanın baş naziri Ana Brnabiç keçən həftə Kosovo ilə “silahlı qarşıdurma astanasında olduqlarını” deyib. Kosovonun müstəqilliyini tanımayan Belqrad bu ölkənin şimalında çoxluğu təşkil edən 120 min etnik serbi Priştinanın hakimiyyətinə qarşı çıxmağa təşviq edir.

Qeyd edək ki, son gərginlik ötən həftələrdə keçmiş serb polisinin həbsindən sonra yaranıb. Həbslərə reaksiya verən Kosovo serbləri dekabrın 10-dan ölkənin şimalında yollarda barrikada qurub. Kosovo polisinin barrikadaları aradan qaldırmaq istədiyi xəbərindən sonra ərazidə silah səsləri eşidilib, can və mal itkisi qeydə alınmayıb. Öz ərazisi üzərində suverenliyini tam şəkildə bərqərar etmək istəyən Priştina hökuməti etnik serbləri Kosovo qanunlarına əməl etməyi tələb edir.


Müəllif: Nemət

Oxşar xəbərlər