Avropa Birliyi (AB) rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Brüsselə mümkün səfəri ilə bağlı məlumatın mediaya sızması ilə əlaqədar qarşılıqlı ittihamlar səsləndirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti yazır.
Məlumatda bildirilir ki, sızma Ukrayna liderinin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
Bu barədə İtaliya KİV-i Zelenskinin Brüsselə planlaşdırılan səfərindən təxminən 48 saat əvvəl məlumat yayıb. Daha sonra bu haqda Avropa Xalq Partiyasının (APP) nümayəndələri Tvitterdə paylaşım ediblər.
Tezliklə silinən paylaşımda deyilib: “Sizi Brüsseldə salamlamağı səbirsizliklə gözləyirik, cənab Prezident”.
Zelenskinin iştirak edəcəyi AB sammitini təşkil edən Avropa Şurasının prezidenti Şarl Mişel məlumat sızmasına görə Avropa Parlamentini günahlandırıb.
Avropa Parlamentinin üzvləri də bu səfəri işıqlandıran AP prezidenti Roberta Metzolanı ittiham ediblər.
Məqalədə vurğulanır ki, Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya dəstək məsələsində bir-birləri ilə yarışa giriblər. Xüsusən də Ukraynanın AB-yə daxil olmasının perspektivləri barədə həvəslə danışırlar.
“Bu qalmaqal AB institutlarının Ukrayna ilə həmrəylik nümayiş etdirmək və Zelenskiyə dəstək göstərmək üçün necə rəqabət və mübarizə apardığını göstərir”, - ingilis nəşri yazır.