ABŞ və G7 Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketinin hazırlanması üzərində işləyir. Bu, Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə yaxın, fevralın 24-də elan edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
"Düşünürəm ki, fevralın 24-nə yaxın siz həm ABŞ-dan, həm də G7-dəki bütün tərəfdaşlarımızdan yeni böyük sanksiyalar paketini görəcəksiniz. Bu sanksiyalar müəyyən kateqoriyalar üzrə əvvəllər tətbiq edilmiş məhdudiyyətləri genişləndirəcək və dərinləşdirəcək. Rusiya müdafiə sənayesi üçün texnologiya və avadanlıq axınının məhdudlaşdırılmasına səbəb olacaq”, - deyə o qeyd edib.
Nulandın sözlərinə görə, Rusiyanın əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməsinə kömək edən digər ölkələrə qarşı da sanksiyalar tətbiq oluna bilər. Söhbət, məsələn, müharibədə istifadə oluna biləcək elektron komponentlərə malik noutbukların, soyuducuların və digər məişət texnikasının Rusiyaya idxalı sxemlərindən gedir.
"Biz ixrac nəzarətimizi Rusiyaya kömək edən ölkələri də əhatə edəcək qədər genişləndirmək niyyətindəyik. İran, Şimali Koreya, Çin haqqında açıq danışmışıq. Amma sanksiyalardan yayınmağa öyrəşmiş başqa ölkələr də var", - Nuland bildirib.