Suriya prezidenti Bəşər Əsəd zəlzələnin təsiri ilə mübarizə üçün daha çox vəsaitə ehtiyac olduğunu deyib və zəlzələdən sonra Suriyaya dəstək olan ölkələrə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Əsədin təşəkkür etdiyi ölkələr arasında "ərəb qardaşlarım və dostlarım" kimi təsvir etdiyi ölkələr də var.
Suriyada hökumət əleyhinə silahlı müxalifət qüvvələrini əvvəllər maliyyələşdirən Səudiyyə Ərəbistanı da daxil olmaqla, əsasən ərəb ölkələri zəlzələdən sonra Suriyaya yardım göndərdiyi üçün Əsəd üzərində beynəlxalq təcridin yüngülləşdiyi güman edilir.
Suriya hökuməti idarə etdiyi bölgədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayının 1414 olduğunu açıqlasa da, müxalif qüvvələrin nəzarətində olan şimal-qərb bölgəsində 4000-dən çox insanın həyatını itirdiyi bildirilir.
Təxminən 9 milyon suriyalının zəlzələdən zərər çəkdiyini açıqlayan Birləşmiş Millətlər Təşkilatı təcili humanitar ehtiyacların qarşılanması üçün 400 milyon dollarlıq yardım üçün çağırış edib.