ABŞ rəsmiləri İranın parçalanan materialların istehsalına yaxınlaşdığını desələr də, nüvə bombası yaratmaq texnologiyasını mənimsədiyinə inanmırlar. Bununla belə, ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəsi rəsmisi bildirib ki, İran təxminən 12 gün ərzində bir nüvə bombası üçün lazım olan kifayət qədər material əldə edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.
ABŞ müdafiə nazirinin müavini Kolin Kal Nümayəndələr Palatasındakı dinləmələrdə Bayden administrasiyasının nə üçün İranla imzalanmış Birgə Fəaliyyət Planını (JCPOA) canlandırmaq istədiyini şərh edib:
“Çünki biz müqavilədən çıxdığımızdan bəri İran nüvə fəaliyyətlərini genişləndirib. Hələ 2018-ci ildə, keçmiş hökumət müqavilədən çıxmaq qərarına gəldikdə, bir bomba dəyərində parçalanan material istehsal etmək üçün İrana təxminən 12 ay lazım olardı. İndi təxminən 12 gün çəkəcək.
Ona görə də mən hesab edirəm ki, siz bu məsələni diplomatik yolla həll edə bilsəniz və onların nüvə proqramına məhdudiyyətlər qoya bilsəniz, bu, digər variantlardan daha yaxşıdır. Amma indi nüvə müqaviləsi buz üzərindədir”.
ABŞ rəsmiləri İranın parçalanan materialların istehsalına yaxınlaşdığını desələr də, onun əslində bomba yaratmaq texnologiyasını mənimsədiyinə inanmırlar.
ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın 2018-ci ildə imtina etdiyi sazişə əsasən, İran iqtisadi sanksiyalardan azad olmaq müqabilində nüvə proqramını məhdudlaşdırmışdı.
Tramp yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başladı. Bu, Tehranın əvvəllər qadağan olunmuş nüvə işlərinə yenidən başlamasına səbəb oldu. İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını iddia edir.