Hindistanın paytaxtı Dehlidə 1-2 mart tarixlərində “Böyük İyirmilər”in (G20) xarici işlər nazirlərinin görüşü keçirildi. G-20-yə hazırda Hindistan sədrlik edir. Bu toplantıda Ukraynadakı müharibənin müzakirəsi və Rusiyanın ittiham olunacağı ehtimal edilirdi. Bu, toplantıda gərginlik yarada bilərdi. Ev sahibi kimi Hindistan isə toplantıda gərginlik istəmirdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Məqalədə qeyd edilir ki, Hindistan Baş naziri Narendra Modi və xarici işlər naziri Subramanyam Cayşankar G20-nin yekun sənədində Rusiya əleyhinə ifadələrin salınmasının əleyhinəydi:
“Modi yekun bəyanatda terrorla mübarizə, iqlim dəyişikliyi və kasıb dövlətlərin borclarının həlli bəndlərinin salınmasının tərəfdarı idi. Subramanyam Cayşankar bu mövzuda ayrılıqda Rusiya xarici işlər naziri Sergey Lavrovla və ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə apardı. Buna baxmayaraq, toplantıda Ukraynayla bağlı fikir mübadiləsi oldu. Çünki G-20-yə daxil olan ölkələrin xarici işlər nazirləri bu haqda danışmaya bilməzdilər. Çıxış edənlər Rusiyanı işğalçı müharibəni dayandırmağa və Ukrayna ərazisini tərk etməyə çağırdılar. Rusiya və Çin təmsilçiləri bu şəkildə toplantının yekun bəyanatını imzalamaqdan imtina etdilər. Dehli yekun bəyanatın qısa xülasəsini dərc etdi.
Dehli G-20-dən başqa Şanxay Əməkdaşlıq Təşkilatına da sədrlik edir. Təşkilatın sentyabrda Hindistanda növbəti toplantısı keçiriləcək. G-20-lərdən fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Ukrayna məsələsi qaldırılmayacaq. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Qərbin Rusiyaya qarşı sərt siyasətinə qoşulmaq istəmir.
G-20-lərin toplantısı çərçivəsində nazirlər arasında müxtəlif ikitərəfli görüşlər keçirildi. Dehliyə 40 ölkədən nümayəndə heyəti gəlmişdi. Hindistan ev sahibi kimi lazım bildiyi dövlətlərin təmsilçilərini də toplantıya dəvət etmişdi. Lavrov Dehliyə birbaşa Bakıdan uçmuşdu. O, əvvəlcə çinli həmkarı Sin Qanla görüşdü, daha sonra türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə fikir mübadiləsi apardı. Bundan başqa, Lavrov hindistanlı və braziliyalı həmkarları ilə də görüşdü.
Qərb ölkələrinin xarici işlər nazirləri Lavrola görüşmədilər, sadəcə ABŞ dövlət katibi rusiyalı həmkarı ilə ayaqüstü bir neçə dəqiqəlik söhbət etdi. Rusiya və Çin xarici işlər nazirləri strateji tərəfdaşlığı davam etdirəcəklərini bir daha bəyan etdilər”.
Təhlildə bildirilir ki, Qərb ölkələri Rusiyanı Ukrayna müharibəsinə görə tənqid edir:
“İndi Moskvaya qarşı sanksiyalar tətbiq ediblərsə, niyə Rusiyanın G-20-dən çıxarılması məsələsini qaldırmırlar? Məsələn, Rusiya “Böyük Səkkizlər”dən çıxarıldı və təşkilat yenidən “Böyük Yeddilər”ə çevrildi. Məsələ budur ki, G-20-nin üzvləri arasında Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirən dövlətlər var və onlar Ukrayna müharibəsinə görə Rusiyanı cəzalandırmaq istəmirlər.
Digər tərəfdən Qərb ölkələrinin özləri də Rusiya ilə dialoq imkanlarını tam ortadan qaldırmağı doğru saymırlar”.