1996-cı ildə üç yaşında İtaliyada yoxa çıxan Ancela Çelentanonun harada olduğu hələ də araşdırılır.
Teleqraf.com xəbər verir ki, italyan qızın 27 ildən sonra Türkiyədə ola biləcəyi ehtimalı gündəmə gəlib.
İtaliyanın ən sirli hadisələrindən biri olan olayda itdikdən sonra bir daha tapıla bilməyən Ancelanın Böyükadada (İstanbul) atası kimi tanıdığı biri ilə yaşadığına dair yeni bir ipucunun ortaya çıxması istintaqın yenidən başlamasına səbəb olub.
İtaliya mətbuatına görə, kiçik qız 1996-cı il avqustun 10-da ailəsi ilə birlikdə Neapol şəhərində qatıldığı kilsə piknikində yoxa çıxıb. Bundan sonra çoxsaylı anonim məlumatlara baxmayaraq, balaca Ancela ilə əlaqə saxlamaq mümkün olmayıb. Aradan illər keçməsinə baxmayaraq, Ancelanın ailəsi bütün yollara baş vurub. 2017-ci ildə Ancelanın Meksikada olduğu, bir neçə ildən sonra isə Cənubi Afrikada, Venesuelada göründüyü bildirilib. Amma DNT testləri mənfi olub.
Ancelanın valideynləri Katello-Mariya Çelentano cütlüyü qızlarını tapa biləcəklərinə ümidlərini qoruyarkən, bu dəfə Türkiyədən gələn xəbəri həyəcanla qarşılayıblar. İtaliya mətbuatına görə, Vinçenza Trentinella adlı italyan qadın Ancelanın valideynlərinə Böyükadada yaşayan bir türkə qədər gələn ipucu verib.
Qadın iddia edir ki, ölmək üzrə olan bir keşiş ona 1996-cı ildə qaçırılan qız haqda danışıb. Trentinella keşişin Böyükadada baytar işləyən bir şəxsdən bəhs etdiyini, buna görə illər sonra ora getdiyini və Ancelanı qaçırdığı güman edilən adamla görüşdüyünü iddia edib. Ögey ata və qızla danışdığını bildirən Trentinella İtaliyaya qayıtdıqdan sonra polisə sözügedən şəxsin adını və telefon nömrəsini verdiyini deyib.
İtaliya mətbuatı bildirir ki, italyan polisi Türkiyə polisi ilə əməkdaşlıq edərək Böyükadada F. D. adlı şəxsi sorğu-sual edib. Ancaq sorğu-sual zamanı sözügedən şəxs Trentinella ilə heç vaxt tanış olmadığını söyləyib. Həmçinin qeyd edilir ki, İtaliya məhkəməsi bu məlumatın işığında istintaqı daha 6 ay uzadıb və iddianın araşdırılmasını istəyib.