ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Amerika ordusunun baş qərargah rəisi general Mark Millinin Suriyada ancaq amerikalı hərbçilərlə görüşdüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Millinin Suriyanın şimal-şərqinə səfəri çərçivəsində PKK/YPG terrorçuları ilə görüşdüyü iddiası ilə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu haqda danışan Prays deyib:
“Səfir Fleyk görüşlər və danışıqlar üçün Türkiyə Xarici İşlər Nazirliyinə gedib. Amma anladığımız qədər general Milli ancaq Suriyadakı ABŞ hərbçilərinə baş çəkib və ancaq onlarla görüşüb”.
Jurnalist baş qərargah rəisinin qəfil səfərinin nə ilə bağlı olduğunu soruşduqda Prays onun istənilən vaxt dünyanın istənilən yerində növbətçi amerikalı hərbçilərə baş çəkə biləcəyini, Suriya səfərinin də buna bənzər bir şey olduğunu söyləyib.
Eyni zamanda sözçü Suriyada yeganə məqsədlərinin İŞİD-lə mübarizə və bu hədəfin Türkiyənin də daxil olduğu bölgədəki tərəfdaşlarının maraqlarına uyğun olduğunu iddia edib.
Milli ötən həftənin sonunda Suriyaya əvvəlcədən elan olunmamış səfər edib. Onun səfəri çərçivəsində bölgədəki PKK/YPG terrorçuları ilə görüşməsi haqda məlumat yayılıb. Bundan sonra ABŞ-ın Ankaradakı səfiri Fleyk XİN-ə çağırılıb və Mark Millinin Suriyanın şimal-şərqinə səfəri ilə bağlı izahat istənilib.