“Böyük İyirmilər”in xarici işlər nazirlərinin Hindistanda keçirilən toplantısından əvvəl bir-birinə rəqib dövlətlərin nazirləri fərqli məkanlarda oldular. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Bakıya gəldi, buradan Dehliyə getdi. ABŞ dövlət katibi Entoni Blinken isə Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Dehliyə uçdu.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə qeyd olunur ki, Blinken Mərkəzi Asiya ölkələrində 5+1 formatında keçirilən toplantıda iştirak edib:
“Bu toplantıda Blinkenlə yanaşı, 5 Mərkəzi Asiya ölkəsinin xarici işlər nazirləri qatılmışdı. Bu format 2015-ci ildən fəaliyyət göstərir. Blinken Qazaxıstan və Özbəkistan prezidentləri ilə də görüşərək əlaqələrin genişlənməsiylə bağlı geniş fikir mübadiləsi apardı.
Vaşinqtonun bu bölgə ilə əməkdaşlığında əsas məqsədi Rusiya və Çinin Mərkəzi Asiyadakı təsir gücünü azaltmaqdır. Ancaq buna nail olmaq üçün ABŞ-ın Mərkəzi Asiya ölkələrinə yatırımları artmalıdır. Əks halda, Rusiya və Çini sıxışdırmaq mümkün olmayacaq.
Rusiya və Çinin xeyrinə işləyən bir neçə amil var.
Birincisi, Mərkəzi Asiya ölkələrinin milyonlarla vətəndaşı Rusiyada ucuz işçi qüvvəsi kimi çalışır və qazandıqlarını evlərinə göndərirlər. Həmin maliyyə Mərkəzi Asiya ölkələrinin büdcələrində müəyyən paya malikdir.
İkincisi, Mərkəzi Asiya ölkələrindən bir neçəsinin boru xətti Rusiya üzərindən keçir. Qazaxıstan öz neftini, Türkmənistan isə qazını Rusiyadan keçən boru xətləri ilə dünya bazarlarına daşıyır. Rusiya bu zaman Rusiya Qazaxıstan və Türkmənistana şərtlərini də diktə edir. Qazaxıstan və Türkmmənistanın Çinlə də enerji əməkdaşlığı var.
Üçüncüsü, Çinin Mərkəzi Asiya ölkələrində milyardlarla dollar yatırımları var. Yəni bölgə ölkələri Çinə borculdurlar. Pekin bu borcların əvəzində bır sıra hallarda həmin ölkələrə şərtlərini diktə etməyə çalışır”.
Mərkəzin ekspertləri hesab edirlər ki, buna baxmayaraq, Vaşinqton Mərkəzi Asiya ölkələrini Rusiya və Çin təhlükəsi barədə məlumatlandırır:
“Məsələn, Blinken Astanada keçirdiyi mətbuat konfransı zamanı Rusiyanın adını on dəfə hallandıraraq hər dəfə bu ölkəni “təcəvazkar” adlandırıb. Blinken mətbuat konfransında Qazaxıstan Prezidenti Tokayevin islahatlar proqramına dəstək verdiyini də bildirib.
Blinken Çinin adını çəkməsə də, qapalı görüşlərdə asiyalı həmkarlarını Pekinlə münasibətlərdə də diqqətli olmağa çağırıb. Çin bu il hərbi xərclərini 7 faiz artırıb. Bu, təxminən 225 milyard dollara bərabərdir.
Pekin hərbi xərclərin artırılmasını üzləşdiyi çağırışlarla əlaqələndirir. Bəllidir ki, söhbət Tayvan ətrafında artan gərginlikdən gedir. Ancaq Çinin Tayvan və ABŞ-la yanaşı, qonşu ölkələrlə münasibətlərində də gərginlik var. Pekin həm də bu səbəbdən hərbi xərclərini artırıb. Amma Çinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində gərginlik yoxdur. Buna baxmayaraq, Çinin artan hərbi gücü bölgə ölkələri tərəfindən də diqqətlə izlənilir”.