Ukrayna müdafiə qüvvələri beş istiqamətdə Rusiya işğalçılarının 100-dən çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Xeyli itkilərə baxmayaraq, düşmən Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor ərazilərində hücum əməliyyatlarını davam etdirir. Son sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri göstərilən istiqamətlərdə düşmənin 102 hücumunu dəf edib”, - Baş Qərargah vurğulayıb.
Rusiya ordusu Kupyan və Liman istiqamətində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışır. Dvoriçna, Nevske, Çervonopivka, Kreminna, Dibrova, Biloqorivka və Verxnyokamyansk istiqamətlərində hücum əməliyyatları uğursuzluqla nəticələnib.
Məlumatda qeyd edilib ki, rus qüvvələri Baxmut şəhərini ələ keçirmək cəhdlərindən əl çəkmir. Həmçinin Ukrayna qoşunları Vasyukivka, Minkivka, Orixovo-Vasilivka və İvanovsk yaşayış məntəqələrində düşmənin hücumlarını dəf ediblər.
Ruslar Avdiv, Marin və Şaxtyor istiqamətlərində də uğursuz hücum əməliyyatları keçirib.
Gün ərzində Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının komanda məntəqəsinə, yanacaq və iki silah-sursat anbarına zərbələr endirib. Eləcə də Rusiya ordusunun zenit-raket kompleksi, şəxsi heyəti və hərbi texnikalarının cəmləşdiyi ərazilər vurulub.