ABŞ bu ay Suriyada Rusiya hərbçilərinin aqressiv hava hücumlarında ciddi artım müşahidə edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Erik Kurilla deyib.
Onun sözlərinə görə, Rusiya hücum təyyarələri təxribat törətmək məqsədilə silahlarla dolu Amerika bazalarının üzərindən uçur.
Kurilla qeyd edib ki, bu cür uçuşlar hərbi peşəkarlığa ziddir. Martın 1-dən bəri belə manevrlərdə ciddi artım var.
“Son zamanlar bölgədə Rusiya Hərbi Hava Qüvvələrinin qeyri-peşəkar və təhlükəli davranışlarının artdığını müşahidə edirik”, - general vurğulayıb.
ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyadakı iki müxtəlif bazada 900-ə yaxın hərbi qulluqçu yerləşdirib.
Kurilla hesab edir ki, Rusiyanın addımları ABŞ-la Suriya ilə əlaqəli əldə edilmiş hərbi anlaşmanı pozmaq cəhdidir.
Martın 14-də ABŞ Rusiyanın SU-27 qırıcısının Qara dənizdə onun “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. Rusiya səfiri dərhal ABŞ Dövlət Departamentinə çağırılıb.
Əvvəlcə Rusiya Müdafiə Nazirliyi Amerika PUA-sını vurmadıqlarını bəyan edib və baş verənləri “təxribat” adlandırıb. Dünən ABŞ hadisənin videosunu yayımlayıb. Görüntüdə Rusiya qırıcısının pilotsuz təyyarəyə necə çırpıldığı məlum olur.
Bu gün isə Rusiya müdafiə naziri Sergey Şoyqu həmin SU-27-nin pilotlarını mükafatlandırıb.