Rusiya qoşunları Baxmut şəhəri və ətrafında hücumlarını davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.
ISW-nin məlumatına görə, əldə edilən peyk görüntüləri Rusiya qüvvələrinin şəhərin mərkəzinə doğru daha da irəlilədiyini güman etməyə imkan verir. Artıq “Vaqner” qrupunun muzdluları Baxmut hərbi prokurorluğunun yaxınlığında dayanıblar. Binanın rusiyalı muzdlular tərəfindən ələ keçirildiyi ehtimal olunur.
Həmçinin hesabatda bildirilir ki, rus hərbçiləri şəhərin cənub və şimal-qərbinə doğru irəliləyiblər.
Analitiklər deyirlər ki, ruslar “vaqnerçilər”in Baxmutun mərkəzində bir neçə binanı, o cümlədən “Metallurq” stadionunu, “Baxmut” otelini və kilsəni ələ keçirdiklərini iddia edirlər, amma hazırda bunun təsdiq edən sübutlar yoxdur.
Artıq bir neçə aydır şəhərdə şiddətli döyüşlər gedir. Ruslar martda hücumların sayını bir qədər azaltsalar da, aprelin əvvəlindən yeni qüvvələrlə döyüşə atılıblar. Dünən Böyük Britaniya kəşfiyyatı bildirib ki, “Vaqner” və Rusiya ordusunun kadrları koordinasiyalı hərəkət etməyə və daha effektli fəaliyyət göstərməyə başlayıb.