Rusiya hərbi qüvvələri ağır itkilərə baxmayaraq, hücumu davam etdirir. İşğalçılar əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Son sutka ərzində bu istiqamətlərdə rus qoşunlarının 58 hücumunun qarşısı alınıb.
Ruslar Liman istiqamətində Dibrovadan cənuba doğru irəliləməyə uğursuz cəhd göstəriblər.
Rusiya ordusu Baxmut istiqamətində eyniadlı şəhəri tam nəzarətə götürmək cəhdlərindən əl çəkmir. Şəhər uğrunda şiddətli döyüşlər gedir. Ruslar bu istiqamətdə Boqdanivka və Xromove rayonlarını ələ keçirməyə cəhd etsə də, bu səyləri uğursuz olub. Bu istiqamətdə onların 30-dan çox hücumu dəf edilib.
Donetsk vilayətində Rusiya qüvvələrinin 20-dən çox hücumunun dəf edildiyi Avdiv və Marin şəhərləri uğrunda qızğın döyüşlər gedir.
Şaxtyor, eləcə də Zaporoje və Xarkov vilayətlərində son sutka ərzində rusların heç bir hücumu qeydə alınmayıb.
Bundan başqa, son sutka ərzində Ukraynanın artilleriya və raket qüvvələri Rusiyanın 5 elektron döyüş məntəqəsi də daxil olmaqla bir çox hədəflərini vurub.
“Raket qoşunları və artilleriya bölmələri sutka ərzində düşmənin 4 zenit-raket kompleksinə, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 11 əraziyə, bir sursat anbarına və 5 radioelektron döyüş stansiyasına zərbələr endirib”, - Baş Qərargahın məlumatında deyilir.