11 Aprel 2023 22:37
5 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Le Figaro” qəzeti Türkiyənin ilk pilotsuz uçan aparat (PUA) gəmisi “TCG Anadolu”nun xidmətə başlamasına geniş yer verib.

Teleqraf.com xəbər verir ki, Fransanın silah və təyyarə istehsalçısı şirkətlərindən biri “Dassault Group”a bağlı qəzet gəminin PUA-ların eniş-qalxışına uyğun dizayn edildiyini yazıb.

Təhlildə bildirilib ki, “TCG Anadolu” 231 metr uzunluğu, 32 metr eni ilə Türkiyənin ilk təyyarə daşıyan və ən böyük döyüş gəmisidir.

“Türkiyənin “Bayraktar TB3” və “Kızılelma” PUA-ları və yüngül döyüş təyyarəsi “Hürjet” gəmidən enib qalxa biləcək”, - nəşr qeyd edib.

Eyni zamanda, gəminin uçuş göyərtəsində onlarla helikopter, təyyarə və PUA-nın daşına biləcəyi vurğulanıb.

2016-cı ildə tikintisinə başlanılan gəmidə 13-ü tank olmaqla, 94 döyüş texnikasının yerləşdirilə biləcəyi deyilib.

“Le Figaro” vurğulayıb ki, NATO üzvü olan Türkiyə qüruruna çevrilən PUA-larının uğurları ilə son illərdə müdafiə sənayesini ciddi şəkildə inkişaf etdirib: “Baykar”ın "Bayraktar TB2" PUA-ları müharibənin ilk saatlarında Ukraynada, eləcə də Liviya və Azərbaycanda özünü doğruldub”.

Təhlildə Kiyev və Moskva arasında vasitəçilik səylərini artıran, əvvəllər dronları ilə Şərqi Aralıq dənizində gücünü nümayiş etdirən Ankaranın lazım gələrsə, dünya səviyyəsində hərbi və humanitar əməliyyatları buradan koordinasiya edə biləcəyinə diqqət çəkilib. Bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın fikirlərinə yer verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər