Böyük itkilərə baxmayaraq, Rusiya qüvvələri dörd əməliyyat cəbhəsində - Liman, Baxmut, Avdiv və Marində irəliləmək cəhdlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ən şiddətli döyüşlər Baxmut və Marin uğrunda gedir. Ötən sutka ərzində müdafiə qüvvələrinin bölmələri düşmənin 49 hücumunun qarşısını alıb”, - məlumatda deyilir.
Ruslar Liman istiqamətində Dibrova və Biloqoriv yaşayış məntəqələri yaxınlığında hücuma keçib. Amma uğur qazana bilməyiblər.
Baxmut istiqamətində şəhər uğrunda şiddətli döyüşlər davam edir. Bundan əlavə, Rusiya qoşunları Boqdaniv və Predtexino rayonlarına hücuma keçsələr də, nəticə uğursuz olub.
Avdiv yaxınlığında rus ordusu Severnı istiqamətində hücuma keçməyə cəhd edib, eyni zamanda yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutub.
Ukrayna qoşunları Marin şəhəri yaxınlığında da düşmənin çoxsaylı hücumlarını dəf ediblər.
Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun üç nəzarət məntəqəsini və sursat anbarını vurub.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın şəxsi heyəti və hərbi texnikalarının cəmləşdiyi üç əraziyə zərbələr endirib.
“Raket qoşunları və artilleriya bölmələri üç idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsinin, silah və hərbi texnikasının cəmləşdiyi üç ərazini, silah-sursat anbarını, həmçinin radiolokasiya stansiyasını və radioelektron döyüş stansiyasını vurub”, - məlumatda bildirilir.