"DXR" rəhbərliyi Donbasın işğal edilmiş ərazisində həddi-buluğa çatmayanların səfərbərliyini həyata keçirir. Separatçıların hərbi əməliyyatlarda uğursuzluğa düçar olması və qiyamçı döyüşçülərin şəxsi heyətində ciddi itkilər onları uşaqların “köməyindən” faydalanmağa vadar edib.
Teleqraf.com-un məlumatına görə, "Donetsk Xalq Respublikası" terror təşkilatının rəhbərliyi 16 -18 yaşlı əhalini öz quldur dəstələrlərinə səfərbərliyə cəlb edir. Bu haqda Antiterror Əməliyyatı Qüvvələrinin sözçüsü Andrey Lısenko Kiyevdə brifinqdə bildirib:
"Kəşfiyyatın məlumatına görə, quldur dəstələrlərinin komplektləşdirilməsi məqsədi ilə "DXR" rəhbərliyi işğal edilmiş ərazilərdə "könüllü" şəkildə 16-18 yaşlı yerli əhalinin səfərbərliyini gerçəkləşdirir".
O, vurğulayıb ki, separatçıların həddi-buluğa çatmayanları hərbi xidmətə cəlb etməsi beynəlxalq humanitar hüququn kobud pozuntusudur, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin tələblərinin yerinə yetirilməsindən imtina etmək deməkdir.
Lısenko separatçıların ərzaq təminatı baxımından ciddi çətinliklər yaşadığını, son 5 gün ərzində Rusiyadan maliyyə dəstəyi əldə edə bilmədiklərini də media təmsilçilərinin diqqətinə çatdırıb.
Nail Cəlil