Rusiya Müdafiə Nazirliyində əsas post (müdafiə naziri) uğrunda mübarizə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.
Məlumata görə, müdafiə nazirinin müavini, general-polkovnik Yunusbek Yevkurov kəskin tənqid və ittiham qarşısındadır. General bir neçə ay əvvəl işğal edilmiş Xerson vilayətinə gəlib, burada Dnepr deltasındakı adaları qorumaq üçün Rusiya hərbçilərinə 140-150 kater verəcəyini bildirib, amma bunu etməyib. Bu səbəbdən hərbçilərə mülki qayıqlar verilib.
Yevkurovun ünvanına tənqidlər Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Mixail Mizintsevin işdən çıxarılmasından sonra başlayıb. O, Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin Şimal Donanmasının qüvvələrini yoxlamasından və təchizatda ciddi problemlər aşkar etdikdən sonra vəzifəsini itirib.
Teplinski aprelin ortalarında Ukraynanın cənubundakı rus qoşunlarının komandanlığını öz üzərinə götürüb. Onun Rusiya Müdafiə Nazirliyinin bir sıra rəsmilərinin işdən çıxarılmasına çalışdığı iddia edilir.
Teplinskinin yaxın əlaqədə olduğu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə ciddi problemləri var.