6 İyun 2023 12:39
3 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatının (MİT) yeni rəhbəri təyin olunub.

Teleqraf.com xəbər verir ki, MİT rəhbəri təyin olunan İbrahim Kalın sosial şəbəkədə paylaşım edib.

“Gözəl ölkəm üçün dayanmaq yoxdur, yola davam. Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsini mənə həvalə edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Yeni vəzifəm münasibətilə məni təbrik edən, dualarını əsirgəməyən hər kəsə təşəkkürümü bildirirəm. Güclü, təhlükəsiz və müstəqil Türkiyə üçün işləməyə davam”, - Kalın bildirib.

İbrahim Kalının MİT-ə təyinatı dünya mediasında da gündəm olub.

“Reuters” xəbəri oxucularına “Ərdoğan sözçüsü Kalını kəşfiyyat şefi təyin etdi” başlığı ilə bölüşüb. Məlumatda Hakan Fidanın Xarici İşlər Nazirliyinə təyin olunduğu, Kalının isə 2014-cü ildən mətbuat katibi olduğu bildirilib.

Kalının təhsili ilə bağlı məlumatların yer aldığı xəbərdə yeni MİT şefinin Türkiyənin xarici siyasət gündəmini formalaşdıran isimlərdən biri olduğu deyilib:

“Kalın elmlər namizədidir. Corc Vaşinqton Universitetinin İslamşünaslıq fakültəsini bitirib və Ankarada yerləşən hökumətyönlü beyin mərkəzi olan SETA-nın qurucularından biridir. Kalın son illərdə Türkiyənin xarici siyasət gündəmini formalaşdıran bir çox diplomatik səylərə rəhbərlik edib”.

“Middle East Eye” (MEE) onu “Ərdoğanın çoxdankı sirdaşı” adlandırıb. Kalının 2014-cü ildən prezidentin sözçüsü və prezidentin xarici siyasət müşaviri vəzifələrində çalışdığını xatırladan MEE yeni MİT rəhbərinin doktorluq dərəcəsinə sahib olduğunu vurğulayıb.

“Önəmli məsələlərin həllində zaman-zaman Ərdoğanın xüsusi nümayəndəsi olan Kalın xüsusilə son zamanlar ABŞ-la münasibətlərin aparılmasında alternativ kanal kimi gündəmə gəlib”, - sayt qeyd edib.

“Al Arabiya” Ərdoğanın çoxdankı yaxın dostu Kalının 2014-cü ildən bəri prezidentin sözçüsü vəzifəsini icra etdiyini vurğulayıb:

“Kalın Türkiyə prezidentinin sözçüsü kimi xüsusilə Suriya münaqişəsi kimi böhranlı durumlarda ölkənin xarici siyasətinin istiqamətləndirilməsində mühüm rol oynayıb.

Kalın regional münaqişələrlə yanaşı, Türkiyənin xarici siyasətinin mühüm istiqaməti olan Avropa Birliyi (AB) ilə münasibətlərinə də təsir edib. Çoxsaylı çətinliklərə, o cümlədən insan haqları və miqrasiya məsələlərində fikir ayrılıqlarına baxmayaraq, Kalın AB ilə dialoqun ön sıralarında olub”.

Yunanıstanın “Kathimerini” və “Etnos” kimi qəzetləri də yeni təyinata geniş yer ayırıb.

“Skai” telekanalı isə onu belə təqdim edib:

“Ərdoğanın "sağ əl"i, güvəndiyi adam bundan sonra Türkiyə xüsusi xidmətinin iplərini əlinə alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər