“Ukraynada döyüşlər şiddətlənib, amma əməliyyatlarla bağlı gündəlik hesabatlardan çox nəticə çıxarmağa dəyməz”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mark Milli deyib.
“Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş bütün ərazisində aktivlik müşahidə olunur və hərbi əməliyyatlar bir qədər intensivləşib”, - general bildirib.
Milli qeyd edib ki, əks-hücumun başlandığını rəsmən elan etmək Ukraynanın işidir. Amma o, Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyata hazır olduğunu vurğulayıb: “Bizim hesablamamıza görə, Ukrayna hərbçiləri istənilən əməliyyata - həm hücuma, həm də müdafiəyə yaxşı hazırlaşıblar”.
Milli müttəfiqlərin qışda verdiyi təlimlər və silahların Ukraynanı gələcək hərbi əməliyyatlara hazırladığına inanır:
“Çox təlim keçdilər, çoxlu təchizat oldu, digər ölkələr, o cümlədən ABŞ çoxlu sursat göndərdi. Hərbi əməliyyat keçirmək üçün yaxşı hazırlaşıblar. Düşünürəm ki, hansı növ əməliyyatı keçirmələrindən asılı olmayaraq, özlərini etməli olduqları şeyə hazırlayıblar”.
Baş Qərargah rəisi döyüşün təbiətinin zamanla dəyişəcəyini də proqnozlaşdırıb:
“Hər hansı digər böyük döyüş kimi, müharibə də uğur və uğursuzluqla bağlıdır. Artan aktivlik və aşağı fəallıq günləri olacaq, hücum və müdafiə əməliyyatları olacaq. Buna görə də kifayət qədər uzun müddət irəli-geri hərəkət olacaq”.
Bundan əvvəl baş verənləri şərh edən Milli Ukrayna ordusunun ötən il işğalın əvvəlindən yayın ortalarına qədər ölkəni yaxşı müdafiə etdiyini, daha sonra Xarkov və Xerson vilayətlərində iki uğurlu hücum əməliyyatı keçirdiyini xatırladıb.