Türkiyə Milli Təhsil Nazirliyi Ankaranın ən qədim və tarixi orta məktəblərindən olan “Memar Kamal”ın bağlanmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, 426 şagirdin təhsil aldığı “Memar Kamal” orta məktəbində 38 müəllim çalışır.
Bir çox tanınmış siyasətçi və yazıçılar bu tarixi məktəbi bitiriblər. Onlardan ən tanınmışları Türkiyənin 34-cü baş naziri Bülənt Ecevit, 16 və 20-ci dövr millət vəkili Altan Öymən, jurnalist Hasan Camal, jurnalist, siyasətçi Çətin Altan, müxtəlif dövrlərdə xarici işlər naziri, 20-ci dövr millət vəkili, bələdiyyə başçısı vəzifələrində çalışmış Murat Karayalçın, Ailə və Sosial Xidmətlər naziri Güldal Akşit, yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk, müğənni Seçil Heper, yazar Sevgi Soysal, xarici işlər naziri, hüquqşünas Əli Hüsrev Bozer, Sənaye və Ticarət naziri Əli Coşqun, futbolçu, hakim və idman yazarı Erman Toroğlu, iqtisad üzrə fəlsəfə doktoru Mahfi Əyilməz və jurnalist Əhməd Barlasdır.
Məktəbin bağanma səbəbi barədə rəsmi məlumat verilmir.
Məktəbdəki vəziyyətə şagirdlərin valideynləri də reaksiya veriblər: “Bu məktəb 1927-ci ildə Memar Kəmaləddin bəy tərəfindən tikilib. Tarixi dəyəri olan məktəbimizin bağlanması, şagirdlərin ətraf məktəblərə paylanması bizi maddi və mənəvi sıxıntıya salacaq. Gəlin bu qərardan əl çəkək. Məktəbimizə, təhsilimizə toxunmayın. Müəllimi, valideynləri, uşaqları incitməyin”.