22 İyun 2023 15:02
7 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidanla amerikalı həmkarı Entoni Blinkenin görüşü dünya mediasında müzakirələrə səbəb olub. Xarici nəşrlər qardaş ölkənin yeni baş diplomatını “sərt” adlandırırlar.

Teleqraf.com xəbər verir ki, nazirlər Ukraynanın Bərpası Konfransı çərçivəsində İngiltərənin paytaxtı Londonda bir araya gəliblər.

Fidan-Blinken görüşündə 5 mühüm məsələnin müzakirə edildiyi qeyd edilərkən, xarici mediada Fidanın sərt və çətin olduğu vurğulanıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan-Blinken görüşündə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazdakı proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli əlaqələr müzakirə olunub.

Beynəlxalq media Fidanın ABŞ dövlət katibi ilə görüşünə xüsusi diqqət yetirib.

Yunanıstanın “Capital” qəzeti görüşün təfərrüatlarına geniş yer verib və F-16-ların Türkiyəyə satışı və İsveçin NATO-ya üzvlüyünün gündəmdə olduğunu qeyd edib.

Məqalədə Hakan Fidanın Entoni Blinkenə “Hər məsələdə razılığa gəlməsək də, əməkdaşlığa açığıq” dediyi vurğulanıb.

Yunan nəşri Türkiyənin xarici işlər nazirini “sərt” olaraq xarakterizə edir.

“i24 News” isə qeyd edir ki, Bliken Fidanı İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb. Bundan əlavə, Blinken Ukraynadan taxıl daşınmasına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etdiyi vurğulanıb.

İngiltərənin “Reuters” agentliyi də sözügedən görüşü lupa altına alan informasiya mənbələri arasında olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər