10 İyul 2023 17:24
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan Azərbaycanla danışıqlarda o qədər “tanıyıram” və “qəbul edirəm” ifadələrini işlədib ki, “ikinci təfsir” şansı buraxmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.

“Paşinyan bu gün nə etməyə çalışır? O deyir ki, mən Ermənistanın 29.9 min kvadratkilometr ərazi bütövlüyünü təmin etmək müqabilində Qarabağı təhvil verməyə hazıram. Amma bunu da bacarmır, çünki başlanğıc nöqtəsi səhv olub”, - sabiq nazir bildirib.

Oskanyanın sözlərinə görə, Paşinyan Azərbaycanla danışıqlarda o qədər “tanıyıram” və “qəbul edirəm” ifadələrini işlədib ki, "ikinci təfsir" şansı buraxmayıb. Sabiq rəsmi qeyd edib ki, Ermənistan baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla bu məsələni “müzakirə mövzusu” kimi üstündən xətt çəkib.

Oskanyan Nikol Paşinyanın Azərbaycanla danışıqlarda Qarabağ erməniləri ilə bağlı “muxtariyyət statusu”nu da qaldırmadığını söyləyib.

Keçmiş nazir Ermənistan baş nazirinin vaxtilə (işğalda olarkən) Şuşada səsləndirdiyi “Qarabağ Ermənistandır” sayıqlamasına da toxunub:

“Bu, yanlış şəkildə, yanlış yerdə, yanlış zamanda deyildi və çoxsaylı mənfi nəticələrə gətirib çıxardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər