Nigerdə hakimiyyəti ələ keçirən hərbi xuntanın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə dialoqa açıq olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, Nigeriyada vəhhabi və ticani təriqətlərinin nümayəndə heyətləri Nigerdə xunta lideri Əbdürrəhman Çiyani ilə görüşüb.
Görüşdən sonra Nigeriya mətbuatına açıqlama verən “Camaat-ül İzalətil-Bida” və “İqamətis-Sünnə” (JIBWIS) qrupunun lideri Abdullah Bala Lau görüşün təxminən 3 saat davam etdiyini deyib. Lau Çiyaninin ECOWAS-la danışıqlara razılaşdığını söyləyib.
ECOWAS avqustun 10-da Nigeriyada keçirdiyi sammitdə Nigerdəki böhranın həlli üçün danışıqlar yolunun hələ də açıq olduğunu vurğulasa da, gücdən istifadənin hələ də müzakirə mövzusu olduğuna diqqət çəkib. Bu kontekstdə ECOWAS-a üzv ölkələrin müdafiə nazirlərinə ehtiyat qüvvələrinin yaradılması və yerləşdirilməsi tapşırılıb.
İyulun 26-da Nigerdə hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra ECOWAS xuntaya Prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qaytarması üçün 7 gün vaxt vermişdi. Birliyin xuntaya verdiyi bir həftəlik müddət başa çatsa da, elan etdiyi hərbi müdaxilə olmamışdı.
ECOWAS yaxın günlərdə Nigerə hərbi müdaxilə gündəmi ilə yenidən toplaşacaq.