Gürcüstandan olan yəhudi iş adamı İtzik Moşe “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) ona qarşı sui-qəsd cəhdlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, iş adamı son bir ildə Tiflisdə SEPAH tərəfindən ona qarşı üç dəfə sui-qəsd cəhdinin olduğunu açıqlayıb.
İsrailin “Yerusəlim Post” qəzetinin yazdığına görə, Moşe Gürcüstan təhlükəsizlik xidmətlərinin müdaxiləsi nəticəsində hər üç cəhd zamanı salamat qala bilib.
Biznesmenin sözlərinə görə, bu cəhdlərdən ikisi bıçaqla, biri odlu silahla olub. Moşe Gürcüstan hakimiyyətinin araşdırması nəticəsində bu hücumların arxasında SEPAH-ın olmasının sübut edildiyini deyib.
İtzik Moşe 1970-ci ildə Gürcüstanda anadan olub, 12 yaşında İsrailə köçüb. SSRİ-nin dağılmasından sonra Gürcüstana qayıdıb. İsrailin Şərqi Avropa ölkələri ilə əlaqələrini dərinləşdirməsini qarşısına məqsəd qoyan “İsrail Evi” adlı təşkilat yaradıb. “Yerusəlim Post” iddia edir ki, o vaxtdan bəri Moşe keçmiş Sovet İttifaqı respublikaları ilə İsrail arasında münasibətlərdə mühüm rol oynayıb və onun rəhbərliyi altında olan “İsrail Evi”nin fəaliyyəti 18 ölkəyə qədər genişlənib.
Moşe hesab edir ki, onun fəaliyyətinin digər ölkələrdə, o cümlədən Cənubi Qafqazda genişlənməsi SEPAH-ı ona sui-qəsd etməyə sövq edib. İş adamı qeyd edib ki, Cənubi Qafqazın İran üçün önəminə görə onun bu regionu İsrailə yaxınlaşdırmaq səyləri Tehran tərəfindən “təhdid” kimi qiymətləndirilir: “Onlar bilirlər ki, mənim həm Gürcüstan, həm də İsraillə çoxsaylı əlaqələrim var və onlar İsraildən qisas almaq üçün məni öldürməyi planlaşdırırlar”.
Moşe bildirib ki, sui-qəsd cəhdi təşkilatın Tiflisin əsas küçəsində yerləşən ofisinin qarşısında baş verib.