İtaliya Baş naziri Corciya Meloni Albaniyanın Berat şəhərində restorandan hesab ödəmədən gedən bir qrup italiyalı turistin pulunu öz cibindən ödəyib.
Teleqraf.com xəbər verir ki, italiyalıların yedikləri yeməklərin hesabını ödəmələri iki ölkənin mediasında müzakirə mövzusuna çevrilib.
Yerli media Albaniya Baş naziri Edi Ramanın məsələni həmin vaxt ölkədə səfərdə olan italiyalı həmkarı Corciya Meloniyə çatdırdığını yazır. Meloni bundan sonra İtaliyanın Albaniyadakı səfirinə hesabı ödəməyi tapşırıb.
“Corciya Meloninin göstərişi ilə Berat şəhərindəki bir restoranda bir qrup italyan turistin ödəmədiyi hesabı bağladıq. İtalyanlar qaydalara əməl edirlər, borclarını ödəyirlər, ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq.”, - İtaliyanın Tirandakı səfirliyinin açıqlamasında deyilir.
Hesabın Meloninin şəxsi fondundan ödənildiyi bildirilib. Səfirlik hesabın 80 avro olduğunu açıqlayıb.