Ukrayna ordusu Zaporoje vilayətinin qərbində taktiki cəhətdən önəmli uğurlar əldə edib. Böyük ehtimalla, ukraynalılar rusların müdafiə mövqelərinin ən çətin silsiləsi ilə irəliləyəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
ABŞ-ın Baş Qərargah rəisi general Mark Milli bundan əvvəl bildirib ki, Ukrayna Rusiyanın müdafiə xətlərinin əsas kompleksini yarmağa başlayıb.
Ukraynalı hərbçilər də bu istiqamətdə rus ordusunun ən çətin müdafiə xəttini yarıb keçəcəklərinə və daha sürətlə irəliləyəcəklərinə inanırlar. ISW-nin iddiasına görə, Ukrayna qoşunları Rusiyanın arxa dəstək qrupları ilə üz-üzə qaldıqları ərazilərə daxil olublar. Yaxın gələcəkdə bu yöndə irəliləyişin daha asan olacağı gözlənilir.
Eyni zamanda rus mənbələri iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Verbovoy yaxınlığında (Oriçovdan 18 km cənub-qərbdə) Rusiyanın arxa müdafiə xətləri istiqamətində ərazilərə hücum ediblər. Bu, ukraynalı döyüşçülərin taktiki arxa cəbhəyə yaxın yerləşə biləcəyi ehtimalını artırır.
Təhlildə qeyd olunur ki, Ukrayna qüvvələri rusların çoxlu səy və vəsait sərf etdiyi minalanmış sahələr və istehkamlarını artıq keçib. İndi Ukrayna ordusunun qarşısında tank əleyhinə səngərlər və maneələr, minalanmış sahələr kompleksindən ibarət müdafiə mövqeləri durur. İrəliləyən ukraynalıları döyüş mövqeləri izləyir, bunun da Rusiyanın birinci müdafiə xətti olduğu ehtimal edilir.
ISW vurğulayır ki, bu ərazidəki mina sahələrinin ölçüsü bəlli deyil, amma bunların ölçüsünün daha kiçik olduğunu güman etmək olar, bu da rus qoşunlarına geri çəkilməyə sövq etməlidir.