Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında konstruktiv rol oynayacağına əminik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı vurğulayıb ki, danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Lavrov Rusiya və Türkiyənin Cənubi Qafqazda münasibətlərin normallaşmasında maraqlı olduğunu söyləyib. O qeyd edib ki, Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında da maraqlıdır:
"Rusiya və Türkiyə Cənubi Qafqazda regional əlaqələrin, kommunikasiyaların açılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsində maraqlıdır. Əminik ki, Türkiyə bu razılaşmaların həyata keçirilməsində konstruktiv rol oynayacaq".