İsrailə hücuma görə HƏMAS-ı təbrik edən İranın Fələstin siyasəti yenidən sorğulanmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinin yazarı Məlih Altınok hücumdan sonra “Fələstinin müdafiəçisi” libasına bürünən İranı tənqid edib.
Jurnalist “İran həqiqətənmi Fələstinə görə narahatdır” sualına belə cavab verib:
“İllərdir fələstinli gənclərin özlərini qurban vermələri üçün təşkilatlara bomba və pul göndərən İran və ya digər region ölkələri məsələyə “cihad” kimi baxdıqlarını demirlərmi?
O halda Fələstin başçısı Mahmud Abbası “HƏMAS-la birgə hərəkət edib gərginliyi artırmadığına görə” tənqid etmək əvəzinə, özləri müdaxilə etsinlər.
Qoy birləşib İsrailə qarşı müharibə aparsınlar.
İsrailin çox güclü olduğunu, onu məğlub edə bilməyəcəklərini, ABŞ-ın yardıma gələcəyini, dünyanın ayağa qalxacağını düşünürlər?
Bu o deməkdir ki, özlərinin cəsarət etmədiyi və reallaşdırmağa güclərinin çatmadığı şeyi bir ovuc fələstinlinin bacaracağına inanırlar.
Həqiqətənmi Fələstin məsələsindən ciblərini dolduranları və hakimiyyətlərini gücləndirənləri gizlədən bu hekayəyə inanırsınız?”