İran xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan səudiyyəli həmkarı Feysəl bin Fərhanla görüşündə İsrail-Fələstin münaqişəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, İranlı nazir “Hizbullah”, HƏMAS və “İslami Cihad” hərəkatlarının liderləri, eləcə də region liderləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Onun sözlərinə görə, ABŞ başqalarına təmkinli olmağı tövsiyə edir, amma özü İsraili dəstəkləyir.
Abdulahiyan müsəlman ölkələrinin birgə səylərinin vacibliyini vurğulayıb. İranın baş diplomatı qeyd edib ki, regionda vəziyyət kritik mərhələyə çatıb və nəzarətdən çıxa bilər, ona görə də zaman amili böyük əhəmiyyət kəsb edir.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Qəzzadakı durumdan narahatlığını dilə gətirib: “İsrail rejiminin Qəzza zolağına hücumu ən qısa zamanda dayandırılmalıdır”.
Fərhan Ər-Riyadın bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.