Separatçı Samvel Şahramanyan İrəvanda aktiv görüşlər keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, təxminən bir aya yaxındır Ermənistanda olan Şahramanyan “İctimai” televiziyaya müsahibədən başqa, ictimai arenada aktiv olmasa da, siyasi çevrələrlə aktiv təmaslardadır.
“Mənbələrimizə görə, o, müxtəlif Qərb ölkələrinin səfirləri, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin və Ermənistana səfər etmiş Avropa Parlamentinin deputatları ilə görüşüb”, - məlumatda deyilir.
“Past” iddia edir ki, separatçı keçirdiyi bütün görüşlərdə Qarabağ ermənilərinin geri dönməsi məsələsini qaldırıb. “Şahraman bu məqsədlə Ermənistanda Qarabağ ermənilərinə verilən “müvəqqəti qaçqın statusu”ndan istifadə etmək istəyir.
Şahramanyan Ermənistanın siyasi çevrələri ilə də görüşür. Bir neçə dəfə baş nazirin müavini Tiqran Xaçaturyanla təmasda olub. Ermənistan hakimiyyəti ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vasitəsilə əlaqə saxlayır.
Separatçı Ermənistanın sabiq prezidenti Serj Sərkisyanla da görüşüb, amma onların nədən danışdıqları hələlik məlum deyil.
Samvel Şahramanyan və digər separatçılar İrəvanda “Marriott” otelində bir qrup siyasi şəxslə, deputatlarla və partiya liderləri ilə görüşüb. Qapalı görüşdən sonra təfərrüatlar xüsusi olaraq açıqlanmasa da, qondarma qurumun İrəvanda fəaliyyətinin davam etdirilməsinin müzakirə edildiyi bildirilib. Bu barədə qapalı iclasın təşkilatçısı Ermənistanın “Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyan açıqlama verib.