5 Noyabr 2023 16:10
4 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında və Zaporoje vilayətinin qərbində hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusu Klişivkadan şimalda, Baxmutdan 7 km şimal-qərbdə meşə xətti ilə irəliləyib və bu ərazilərdə möhkəmlənib. Eyni zamanda, ruslar Baxmutun şimalına və cənubuna hücumlarını davam etdirsələr də, heç bir uğur qazana bilməyiblər. Xüsusilə, rus qoşunları Berxov su anbarı ərazisində quru əməliyyatı keçirsələr də, bir nəticə əldə etməyiblər.

ISW vurğulayır ki, Baxmutun şimal cinahında Rusiyanın 200-cü motoatıcı briqadası (14-cü Ordu Korpusu, Şimal Donanması) və xüsusi təyinatlı “Vikinq” bölməsi fəaliyyət göstərir.

ABŞ institutu qeyd edir ki, Rusiya qüvvələri Avdiv ərazisində hücum əməliyyatlarını davam etdirərək uğur qazanıblar. Geolokasiya kadrlarından görünür ki, ruslar Stepovoydan cənub-şərqdə dəmir yolu istiqamətində və Krasnoqorivkadan qərbə doğru irəliləyiblər.

Öz növbəsində, Ukrayna ordusu Avdiv istiqamətində, xüsusilə şəhərin şimalındakı dəmir yolu sahəsində Rusiyanın mövqelərinə qarşı əks hücuma keçib.

Analitiklər deyirlər ki, Rusiya hərbçiləri Ukraynanı gözlənilməz hücumlar qarşısında qoymaq üçün tunellər qazırlar. “Vaqner” qrupunun nizami rus ordusuna cəlb edilmiş üzvlərinin bu işdə fəal olduqları bildirilir.

Bundan əlavə, rus qoşunları Donetskin qərb və cənub-qərbində, eləcə də Uqledarda hücum əməliyyatlarını davam etdirsələr də, heç bir uğur əldə edə bilməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər