6 Noyabr 2023 18:04
3 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc donuzun qanından hazırlanmış “E5” adlı yaşlanma əleyhinə terapevtik maddə 80 yaşlı insanı 26 yaşına qaytara bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia “GeroScience” elmi jurnalında dərc olunan araşdırmada yer alıb.

Mürəkkəb nanohissəciklərdən və donuzlardan əldə edilən gənc plazmadan ibarət “E5”in qocalmış siçovullara vurulduğu deyilir. Kaliforniya Universitetindən (UCLA) olan tədqiqatçılar siçovulların bioloji saatlarını orta hesabla 70 faiz tərsinə çevirə biləcəyini bildiriblər.

Alimlər iddia edirlər ki, əgər bu nəticələr insanlara ötürülə bilsə, 80 yaşlı insan 26 yaşına qayıda bilər.

Tədqiqatın həmmüəllifi Stiv Horvat açıqlamasında deyib: “Əvvəlcə “E5”in epigenetik cavanlaşmada böyük təsirinə inanmaqda çətinlik çəkdim. Digər tərəfdən, gəmiricilər üzərində müxtəlif laboratoriyalarda paralel tədqiqatlar bizim tapıntılarımızı güclü şəkildə dəstəkləyir”.

Tədqiqatçılar qeyd edirlər ki, müxtəlif siçovul toxumalarına tətbiq edilən donuz qanı müalicəsi qan, ürək və qaraciyər toxumasının bioloji yaşını yarıdan çox azaldıb. Onlar bu orqanların fəaliyyətində tədricən yaxşılaşmanın şahidi olmaqla yanaşı, davranış və idrakda da irəliləyişlər müşahidə ediblər.

Müalicənin insanlar üzərində sınaqları hələ aparılmasa da, tədqiqatçılar optimist nəticə olacağını düşünürlər.


Müəllif: Yeganə Oqtayqızı