HƏMAS oktyabrın 7-də İsrailə qarşı qanlı hücumu əvvəlcədən planlaşdırıb. Güman edilirdi ki, ilk cəhd uğurlu olarsa, HƏMAS daha da irəliləyəcək, İsrailin daha böyük şəhərlərini ələ keçirəcəkdi.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti 10-dan çox mənbəyə istinadla məlumat yayıb.
Nəşrin iddiasına görə, Qəzza zolağından hücuma keçən HƏMAS-ın məqsədi İordan çayının qərb sahilinə - fələstinlilərin məskunlaşdıqları ərazilərə çatmaq olub. Qəzet bununla bağlı həm Qərbin, həm də Yaxın Şərqin 4 ölkəsinin keçmiş və indiki kəşfiyyatçılarının, eləcə də təhlükəsizlik xidmətlərinin məlumatlarına istinad edir.
HƏMAS oktyabrın 7-də - hücum günü İsrailin dərinliyinə qədər irəliləyib, demək olar ki, məqsədlərinə - Ofakim şəhərinə (həmçinin yaxınlıqdakı Urim hərbi bazasına) – Qəzza və İordan çayının qərb sahili arasında yerləşən əraziyə çatıb.
Adını açıqlamayan yüksək rütbəli İsrail rəsmisi deyib ki, yaraqlılar ikinci mərhələdə İsrailin böyük şəhərləri və hərbi bazalarını sürətlə ələ keçirməyi planlaşdırıblar. Nəşr yazır ki, bunu HƏMAS yaraqlılarından əldə edilən xəritələr, kəşfiyyat məlumatları və müvafiq təlimatlar sübut edir. Bir neçə gün bəs edəcək ərzaq, sursat və silah ehtiyatları da aşkar edilib. Bunlar planın həyata keçirilməsi üçün toplanıb.
Bununla belə, HƏMAS-ın İordan çayının qərb sahilinə qədər irəliləyəcəyinə dair real gözləntisinin olub-olmadığı bəlli deyil, amma İsrailin buna sərt cavabının olacağını hesablayıb.