Rusiya Ukraynada hərbi məğlubiyyətə uğramasa və daxili siyasi transformasiyaya başlamasa, 6-10 ildən sonra itkilərini tam bərpa edəcək. Üstəlik, Rusiyada gedən prosesləri nəzərə alsaq, belə bir vəziyyətdə hərbi potensialını NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlamağa imkan verəcək səviyyəyə çatdıra bilir.
Teleqraf.com xəbər verir ki, bu, Almaniya Xarici Siyasət Assosiasiyasının (DGAP) proqnozudur.
Alman analitiklər iddia edirlər ki, məğlub olmamaq və siyasi rejimi dəyişməmək şərti ilə Kreml bütün dövlət resurslarını ən qısa zamanda ordunun yenidən qurulmasına və potensialının artırılmasına yönəldəcək.
Təhlildə qeyd olunur ki, quru qoşunları ciddi itkilər verib, Rusiya cəmiyyətinin belə itkilərə qarşı həssaslığını nəzərə alsaq, bunu bərpa etmək nisbətən asandır. Rusiyanın öz ordusuna ildə 280 min yeni çağırışçı cəlb etmək iqtidarında olduğu hesablamalarına əsaslansaq, Kreml 10 il ərzində 2.8 milyon insanı silahlı qüvvələrin sıralarına cəlb edə bilər. Üstəgəl, ordunun əsas qüvvəsini döyüş təcrübəsi olan veteranlar təşkil edəcək.
Almanlar hesab edirlər ki, Rusiya ordusunu ehtiyacı olan hər şeylə təmin etmək iqtidarındadır. Çünki ruslar sanksiyalara baxmayaraq, kritik texnologiyaları idxal edir və özləri də böyük həcmdə lazım olanları istehsal edə bilirlər. Hazırda Rusiyada iqtisadiyyatın müharibə şərtlərinə keçidi sürətlənir. Bütün bunlar artan hərbi təbliğat və sərt daxili addımlar fonunda baş verir. Yəni militarizasiyanı dayandıra biləcək daxili faktorlar yoxdur.
Analitiklər deyirlər ki, NATO ən azı bir il öz müdafiəsini hazırlamaqda Rusiyanı qabaqlamalıdır. Əks halda Kreml alyansın real və ya görünən zəifliyi qarşısında şirnikləndirilə bilər.
“Rusiya davamlı motivasiya və artan hərbi potensialın kombinasiyası vasitəsilə zamanı müəyyən edir. Rusiyanın mümkün hücumu üçün pəncərə, məsələn, Baltikyanı ölkələrə qarşı belə bir cəhd uğurlu ola biləcəyi təəssüratı yaranan kimi açılır”, - analizdə vurğulanır.