Qərb və Rusiya mətbuatında Çin xarici işlər naziri Sin Qanın öldüyü barədə məlumat yayılıb. İlkin ehtimala görə, o, ya işgəncə nəticəsində ölüb, ya da özünə qəsd edib. Bu, Çində siyasi xadimlərdən birinin növbəti müəmmalı ölüm faktıdır. Bundan əvvəl keçmiş baş nazir Li Ketsyanın evində cansız bədəni aşkarlanmışdı.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, Sin Qan az müddət xarici işlər naziri vəzifəsində çalışıb, onu bu yay qəfil istefaya göndəriblər:
“Sabiq nazir istefadan əvvəl yox çıxmış, onun iştirakı ilə nəzərdə tutulan bir sıra rəsmi görüş ləğv edilmişdi. “Politico” nəşrinin yazdığına görə, Sin Qan vaxtilə ölkə lideri Si Cinpinin tərəfdarı idi. Cinpin 2014-2018-ci illərdə xarici siyasət məsələlərini və xarici həmkarlarıyla görüşlərini Sin Qanla razılaşdırırdı. Cinpin onu 2021-ci ildə ABŞ-a səfir təyin edib, cəmi 6 ay sonra Pekinə çağıraraq xarici işlər naziri vəzifəsinə gətirib. Ancaq onun nazirlik müddəti çox çəkməyib. Çin lideri Sin Qanı istefaya göndərdikdən sonra keçmiş xarici işlər naziri Van Yini yenidən köhnə vəzifəsinə qaytarmaq məcburiyyətində qalıb.
Bəs nə baş verdi ki, böyük ümidlər bəslənilən Sin Qan qısa müddətdə istefaya göndərildi?
Qərb mətbuatının yazdığına görə, Sin Qanın Britaniyada təhsil alan çinli xanım tələbədən nikahdankənar övladı olub. Doğulan körpənin isə ABŞ vətəndaşlığı barədə xəbər yayılıb. Bu xəbərin yayılması Pekində qalmaqala səbəb olub. Ona görə də Çin rəhbərliyi Sin Qanın siyasi karyerasına son qoymağa qərar verib. Bununla yanaşı, “Politico” onun ölkənin keçmiş hərbi rəhbərliyi ilə korrupsiya əlaqələri barədə də yazıb”.
Təhlildə qeyd edilir ki, Sin Qandan sonra Çinin müdafiə və bir çox güc nazirləri də istefaya göndərilib. Yüksək rütbəli hərbçilər korrupsiya əməllərində günahkar biliniblər. Onları da sakitcə vəzifələrindən uzaqlaşdırdılar. Bundan sonra keçmiş müdafiə naziri Li Şanfu da yoxa çıxdı. Onun sonrakı taleyi barədə məlumat yoxdur. Daha bir şübhə ondan ibarətdir ki, Çinin keçmiş nazirləri ölkənin nüvə silahları və raket qüvvələri haqda məxfi məlumatları Qərbin kəşfiyyat xidmətlərinə ötürürmüşlər.
Qərb ekspertləri Çində baş verən müəammalı ölümlərin hakimiyyətdə təmsil olunan digər siyasi xadimləri qorxutduğunu bildirirlər. Hakimiyyətin siyasi kursu ilə razılaşmamaq təhlükəlidir”.