Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə əyalətin Jandarm Komandanlığı məlumat yayıb.
Məlumata görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul olan 2 şirkətin məlumatı üzə çıxıb.
Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) şübhəlilər və şirkət haqqında hazırladığı hesabatda təxminən 1 milyon 200 min lirəlik "şübhəli pul köçürməsi"nin həyata keçirildiyi müəyyən edilib. Eyni vaxtda keçirilən əməliyyat zamanı müxtəlif ünvanlardan 604 min 445 lirə ələ keçirilib, bir çox sənəd aşkarlanıb.