Ukrayna ordusu bütün cəbhə xətti boyunca müdafiəni daha da gücləndirib, Rusiya qüvvələrinin ciddi irəliləyiş əldə etməsi ehtimalı azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Kəşfiyyat məlumatına görə, son həftələrdə Ukrayna ordusu cəbhə xəttinin böyük hissəsi boyunca müdafiə mövqeyində yerləşdirildiyi üçün əsas səylər sahə istehkamlarının gücləndirilməsinə yönəldib. Bu, noyabrın sonundan Ukrayna Prezidenti Vladimir Zelenskinin əsas sektorlarda müdafiənin daha sürətli gücləndirilməsi ilə bağlı çağırışından sonra baş verib.
Son məlumata görə, Ukrayna bu çərçivədə Belarusla sərhəddə “əjdaha dişləri”, tikanlı məftillər və tank əleyhinə səngərlərin köməyi ilə müdafiəni gücləndirmək üzərində işləyir.
Eyni zamanda, Rusiya bir neçə bölgədə hücum əməliyyatlarını davam etdirir. Amma ayrı-ayrı hücumlar zamanı Rusiya qüvvələrinin sayı nadir hallarda bir tağım ölçüsünü üstələyir.
“Rusiyanın böyük irəliləyişi mümkün deyil, ümumiyyətlə, cəbhə durğunluqla xarakterizə olunur”, - Britaniya kəşfiyyatı bildirir.