Belçika bu gündən yarım il müddətinə Avropa Birliyi Şurasına sədrlik vəzifəsini İspaniyadan təhvil alıb.
Teleqraf.com xəbər verir ki, krallıq iyunun sonuna qədər quruma rəhbərlik edəcək, bundan sonra postu Macarıstana ötürəcək.
Rəsmi Brüssel bildirib ki, sədrliyi Ukrayna və Qəzzadakı münaqişələr, eləcə də iqlim dəyişikliyi kimi qlobal çağırışlar fonunda qəbul edir.
Malta yeni ilin ilk günündə ATƏT sədri olub. “Cırtdan ölkə” bu postu Şimali Makedoniyadan təhvil alıb.
Rusiyaya gəlincə, şimal qonşumuz yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin (MDB) sədri olub. Bu il həyata keçiriləcək mühüm vəzifələr çərçivəsində rəsmi Moskva qurumun nüfuzunun artırılması, regional birliklərlə əlaqələrin gücləndirilməsi, eləcə də xarici çağırışlarla birgə mübarizə üçün çalışacaq.
2023-cü ildə MDB-nin sədri Qırğızıstan idi.
Rusiya bu il həm də BRİKS-ə rəhbərlik edəcək.
Ermənistan isə 2024-cü ildə Avrasiya İqtisadi Birliyinə sədrlik edəcək. Müvafiq qərar birliyin Sankt-Peterburqda keçirilən son sammitində qəbul olunub.
Anlaşmaya əsasən, sədrlik rotasiya əsasında, rus əlifbası ilə həyata keçirilir. 2023-cü ildə birliyə Rusiya sədrlik edib, növbə Ermənistanındır.