9 Yanvar 14:10
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qəzzada davam edən İsrail-HƏMAS müharibəsinin genişlənəcəyi ehtimalına qarşı hazırlıq görür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr müharibənin genişlənməsi ehtimalının seçkiyə hazırlaşan Co Bayden administrasiyasını gərginləşdirdiyini yazır:

“Hadisələr Prezident Co Baydeni çətin seçki kampaniyasının ortasında mürəkkəb Yaxın Şərq münaqişəsinin mərkəzinə çəkə bilər.

Bayden administrasiyası Qəzzadakı müharibənin daha geniş və uzunmüddətli regional münaqişəyə çevriləcəyindən çox narahatdır və ABŞ-nin bu gəlişməyə cavab verə bilməsi üçün plan hazırlayır”.

Rəsmilər nəşrə hökumətin ABŞ-ni Yaxın Şərqdə başqa bir müharibəyə çəkəcək ssenariləri müzakirə etdiyini deyiblər.

Müzakirələrdən xəbəri olan ABŞ rəsmisinin sözlərinə görə, ordu Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən İran tərəfindən dəstəklənən “Ənsarallah” yaraqlılarına (Husilər - Yəmən) qarşı cavab tədbirləri hazırlayır. Bura Yəməndəki husi hədəflərinə zərbə də daxildir.

“Politico” kəşfiyyat mənbələrinə istinadla vurğulayır ki, Vaşinqton İranın dəstəklədiyi qüvvələrin İraq və Suriyada ABŞ hərbçilərinə qarşı mümkün hücumlarını proqnozlaşdırmaq və qarşısını almaq yollarını axtarır. Həmçinin husilərin bundan sonra hara hücum edə biləcəyini müəyyənləşdirməyə çalışırlar.

Nəşrin yazdığına görə, ABŞ pərdə arxasında Tehranı proksi hücumlarını azaltmağa inandırmağa çağırır. Amma anlaşmanın olduğuna dair işarələr yoxdur, üstəgəl, belə hücumların artacağı narahatlığı var.

Rəsmilər son bir neçə gündə İraq, Livan və İranda baş verən toqquşmalardan sonra daha geniş münaqişə potensialının artdığını söyləyirlər. “Politico”ya görə, ABŞ-ın aylardır qaçmağa çalışdığı ssenari baş tutur, yəni savaş Qəzza zolağını aşır.

Təhlildə qeyd olunur ki, Ağ Evdəki hazırkı müzakirələr ABŞ-nin sonda müharibəyə müdaxilə edəcəyi qorxusunu əks etdirir. Məlumata görə, bu ehtimala qarşı Amerikanın vuracağı hədəflər müəyyən edilib və müvafiq ssenari hazırlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər