Tayvan üzərində mümkün hərbi toqquşma o qədər qan və resurs bahasına başa gələcək ki, hətta status-kvodan ən çox narazı olanların belə risk etməmək üçün səbəbləri var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.
ABŞ agentliyinin iddiasına görə, mümkün Çin-Tayvan müharibəsinin xərci təqribən 10 trilyon dollar təşkil edəcək. Bu, dünya ÜDM-nin təxminən 10 faizinə bərabərdir. Bu da öz növbəsində Ukraynadakı müharibə, COVID pandemiyası və qlobal maliyyə böhranının təsirlərini kölgədə qoyacaq.
Tayvan dünyanın qabaqcıl yarımkeçiricilərin əksəriyyətini, eləcə də bir çox çipləri istehsal edir. Qlobal miqyasda çiplərdən istifadə edən sektorlar ümumi əlavə dəyərin 5.6 faizini təşkil edir, bu da təxminən 6 trilyon dollar deməkdir. Tayvanın yarımkeçirici şirkətinin 20 ən böyük müştərisinin ümumi bazar kapitallaşması təxminən 7.4 trilyon dollardır. Tayvan boğazı dünyanın ən işlək dəniz yollarından biridir.
“Blumberq” mümkün savaşla bağlı iki ssenari irəli sürüb: ABŞ-ni regional münaqişəyə cəlb edən Çin işğalı və Tayvanı dünyanın qalan hissəsi ilə təcrid edən blokada.
Mümkün savaşın yarımkeçiricilərin tədarükünə təsiri regionda daşımaların dayandırılmasına, ticarət sanksiyaların tətbiqinə, eləcə də maliyyə bazarlarına ciddi təsir göstərəcək. Yarımkeçiricilərin olmaması əsas aktorlara, digər böyük iqtisadiyyatlara və bütövlükdə dünyaya ağır zərbə vuracaq. Yüksək keyfiyyətli Tayvan çiplərinin əvəzedilməz olduğu noutbuk, planşet və smartfon zavodları fəaliyyətlərini dayandıracaq. Avtomobil sənayesinə də ciddi zərbə dəyəcək.