Belçikalı irqçi siyasətçi Filip Devinter Qurani Kərimə münasibətdə təhqiramiz ifadələr işlədib. O, Belçika parlamentinin iclasında əlində Quranla kürsüyə çıxaraq, "Bir çox pisliyin səbəbi, bütün pisliklərin qaynağı budur" deyib.
Teleqraf.com-un məlumatına görə, o, öldürmə icazəsinin Qurani Kərimdən alındığını iddia edib və ölkəsində məscidlərin hər hansı formada maliyyələşdirilməsinə, himayə olunmasına qarşı çıxıb
.
Parlamentdə “Məscidlər və radikallaşma” mövzusunda aparılan müzakirələr zamanı irqçi liderin aqressiv çıxışı heç də xoş qarşılanmayıb. Məsələyə münasibət bildirən Daxili İşlər naziri Jan Bud irqçi siyasətçini bu hərəkətinə görə, sərt bir şəkildə qınayıb:
"Bu ölkədə bir çoxlarının böyük hörmət etdiyi və hətta müqəddəs saydığı kitabı burada əlinizlə qaldıraraq yelləyirsiniz və bununla bütün cəmiyyəti təhqir edirsiniz".
Türk mənşəli federal millət vəkili Vəli Yüksəl həmkarının xoşagəlməz addımını "parlamentdə çox çirkin bir cəhd” kimi dəyərləndirib.
Təhriklərə qapılmamaq lazım olduğunu vurğulayan Yüksəl "İrqçi partiyanın məqsədi müsəlman cəmiyyətini qıcıqlandırmaqdır. Sonra qalxıb “zora əl atırlar, tənqidə açıq deyildirlər və ifadə azadlığını qəbul etmirlər” deyə tənqid edəcəklər" söyləyib.
Millət vəkili indiyə qədər Belçika parlamentində heç bir dinin belə təhqir edilmədiyini vurğulayıb: "Qurani Kərimə hücuma qətiliklə icazə verməyəcəyik. Amma onların istədiyi şəkildə təhriklərə də getməməliyik. Onlar diqqət mərkəzində olmağa və bizim səbrimizi daşırmağa çalışırlar. Buna şərait yaratmamalıyıq. Bu cür çıxışları qəbul etmədiyimizi mədəni şəkildə ifadə etməliyik".
Nail Cəlil