15 Fevral 20:04
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Ukraynaya milyonlarla artilleriya mərmisi göndərə biləcək bürokratik cəhətdən mürəkkəb, amma tamamilə qanuni bir yolu var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.

Sursat baxımında cəbhədə vəziyyət bərabər deyil. Ukrayna ordusu rusların 10 000 mərmisinə cəmi 2 000 mərmi ilə cavab verə bilir.

ABŞ Konqresində yardım layihəsinin yavaş-yavaş irəliləməsinə baxmayaraq, Baydenin Ukraynaya kömək etmək imkanı var. Qanunlardan biri prezidentə ABŞ ordusunun ehtiyacları üçün artıq hesab etdiyi silahları endirimlə satmaq və ya hətta bağışlamaq səlahiyyəti verir.

Qanun ildə 500 milyon dollar dəyərində artıq müdafiə təyinatlı malların transferini nəzərdə tutur. Amma sənəd prezidentin konkret silah növü üçün nə qədər təyin edə biləcəyini diktə etmir.

Bayden səlahiyyətlərindən Ukrayna ilə bağlı çox nadir hallarda istifadə edir. Məsələn, yaxınlarda bu qanun çərçivəsində ABŞ hökumətinin artıq hesab etdiyi silahları Ekvador və Yunanıstana verəcəyi barədə məlumat yayılıb. Həmin ölkələr də ABŞ-dən alacaqları silahların əvəzinə arsenalında olan Rusiya silah və texnikalarını Ukraynaya verəcəklər.

Nəşr yazır ki, Baydenin Ukraynanı dəstəkləməkdən ötrü səlahiyyətlərindən birbaşa istifadə edə bilməməsi üçün heç bir hüquqi səbəb yoxdur.

“Baydenin niyə hələ də bunu etmədiyi məlum deyil. Mümkündür ki, 60 milyard dollarlıq maliyyələşdirməni gözləməyə üstünlük verir, bu da ona Ukrayna üçün geniş çeşiddə silahlar almaq imkanı verir”, - təhlildə qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər